İspaniyanın “Sevilya” komandasının Argentinadan olan yarımmüdafiəçisi Erik Lamela unikal rekorda imza atıb. Arena.az “OptaJose” dərgisinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu İngiltərə, İtaliya və İspaniya çempionatlarının hər birində ən azı 10 qol vurmağa nail olub.
Təcrübəli yarımmüdafiəçi müvafiq göstəriciyə nail olmuş ilk argentinalıdır. Lamela bu rekorda La Liqanın 36-cı turu çərçivəsində “Elçə”yə qarşı oyunda (1:1) komandasının yeganə qolunu vurmaqla imza atıb.
Xatırladaq ki, Lamela vaxtilə “Roma”nın heyətində İtaliya A Seriyasında 17 qol, “Tottenhem”də olarkən isə İngiltərə Premyer Liqasında 19 qol vurub.
Erik Lamela La Liqada ikinci mövsümünü keçirir. O, “Sevilya”da bütövlükdə 70 oyuna çıxıb, 13 qol vurub, 6 asistə imza atıb. Argentinalı futbolçu “Tottenhem”də 257 (37 qol, 47 asist), “Roma”da 67 (21 qol, 12 asist), “River Pleyt”də isə 36 (4 qol, 6 asist) oyun keçirib. O, Argentina milli komandasında da 25 matça çıxıb, 3 qol vurub.


