Tərlan Əhmədovla yollarını ayıran “Kəpəz” klubunda bu gün yeni baş məşqçi – Azər Məmmədov ilə rəsmi müqavilə imzalanıb.
Arena.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən mərasimdə 47 yaşlı mütəxəssis 1+1 illik müqaviləyə imza atıb.
Daha sonra yeni baş məşqçi ictimaiyyətə təqdim olunub. Müqavilənin imzalanması və təqdimat mərasimində klub rəhbərliyi və media əməkdaşları iştirak ediblər.
Xatırladaq ki, “Kəpəz”ə 2022-ci ilin sentyabr ayından Tərlan Əhmədov rəhbərlik edirdi. O, Gəncə təmsilçisini 35 oyuna çıxarıb. Komanda bu matçlarda 7 qələbə qazanıb, 15 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb. “Kəpəz”i elitada saxlayan mütəxəssisin postunda qalacağı gözlənilsə də, iki gün öncə klub rəhbərliyi iclas keçirərək onunla yola davam edilməməsinə qərar verdi. Əvəzində komandaya bundan sonra Azər Məmmədovun rəhbərlik ediləcəyi açıqlandı.
Azər Məmmədov 2022-ci ilin dekabr ayından “Səbail”də baş məşqçi Şahin Diniyevin köməkçisi vəzifəsində çalışırdı. O, yeni təyinatla əlaqədar “dənizçilər”lə yollarını ayırıb. 47 yaşlı məşqçi daha öncə “Qarabağ”ın akademiyasında və “Zirə”nin əvəzedici komandasında da çalışıb. Bu, onun baş məşqçi kimi ilk ciddi sınağı olacaq.


