PSJ-də ara qarışdı: Kilian Mbappe transferə çıxarıldı

Fransa çempionu PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappe klub rəhbərliyi tərəfindən satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Paris klubunun müvafiq addımına səbəb, Mbappenin müqaviləsini yeniləməmək istəyi olub.

Maraqlıdır ki, hücumçu kluba bu haqda rəsmi müraciətini məktubla ünvanlayıb. Ancaq Fransa klubu Mbappenin müqaviləsini yeniləməmək istəyi haqda məlumatı futbolçunun öz dilindən deyil, öncə jurnalistlərdən alıb. Sızmış məlumat xoşagəlməz ab-hava yaradıb.

Məsələni diqqətdə saxlayan məşhur italyan jurnalist-insayder Fabrisio Romano “Twitter” hesabında məsələ ilə əlaqədar bildirib ki, PSJ rəhbərliyi baş vermiş hadisədən və bunun ardınca olacaqlardan qəzəblidir.

Fransa klubunu Mbappenin bu qərarını indi açıqlaması təəccübləndirib. Qeyd edilir ki, PSJ-nin hücumçu ilə ayrılacağı təqdirdə də fəaliyyət planı var. Tərəflər arasında razılıq əldə edilməsi haqda danışıqların getdiyi bir vaxtda məlumat sızıntısına yol verilməsi PSJ rəhbərliyinin səbr kasasını daşdırıb.

Daha əvvəl məlumat yayılıb ki, Mbappe kluba rəsmi məktub göndərərək, heç bir halda parislilərlə müqaviləni 2025-ci ilə qədər uzatmayacağını bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: