Madrid “Real”ının sabiq baş məşqçisi Zinədin Zidan gələcəkdə Fransa millisinə rəhbərlik etmək arzusunda olduğunu bildirib.
Arena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis GQ dərgisinə açıqlamasında belə bir istəyinin olmasına baxmayaraq, hazırda bunun vaxtı olmadığını da söyləyib:
“Mən tez-tez demişəm ki, futbolçu kimi Fransa yığmasında oynayıb, sonra məşqçi olub milli komandaya rəhbərlik etmək barədə düşünmək məntiqli olardı. Amma indi bunun vaxtı deyil.
Mən “Kann”da oynamışam, sonra “Bordo”ya getdim. Sonra “Yuventus”da və “Real”da olmuşam. Mən yeni və daha ciddi təcrübə üçün yeni kluba keçirdim. Biz buna iddia deyirik. Mən həmişə iddialı olmuşam və özümə inanmışam”.
Zinədin Zidan 2021-ci ildən işsizdir və məşqçi karyerasında yalnız “Real”ı çalışdırıb.
Xatırladaq ki, Zidan Fransa yığması ilə DÇ-1998 və AÇ-2000-nin qalibi olub. Futbolçu kimi digər çoxsaylı nailiyyətləri olan Zidanın məşqçilik karyerası qısa olsa da, fenomenaldır. Fransız mütəxəssis “Real”la ardıcıl üç dəfə Çempionlar Liqasını qazanıb (2015/2016, 2016/2017, 2017/2018).


