Fransa çempionu PSJ-nin transferə çıxardığı ulduz hücumçusu Kilian Mbappenin potensial müştərilərinin sayı artıb.
Arena.az bu barədə “The Times”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, İspaniya nəhəngi “Real”la yanaşı, İngiltərənin “Çelsi” və “Mançester Yunayted” klubları da fransız futbolçunu heyətə qatmaqda maraqlıdırlar.
“Zadəganlar”ın bu məsələdə perspektivləri açıqlanmasa da, “qırmızı şeytanlar” Mbappenin “Kral klubu”na keçəcəyi halda “Tottenhem”in ingils mərkəz hücumçusu Harri Keyni sıralarına qatmağı planlaşdırır.
Xatırladaq ki, daha əvvəl PSJ ilə müqaviləsini yeniləmək istəməyən Mbappe Paris klubu tərəfindən transferə qoyulmuşdu. Fransa klubunun rəhbərliyi futbolçunun bu gözlənilməz qərarı ilə yanaşı, bu haqda məlumatın klub rəhbərliyindən öncə ictimaiyyətə sızması faktını əsas gətirərək, təcili tədbirlərə başlayıb. PSJ rəhbərliyi başda klubun prezidenti olmaqa baş vermiş hadisədən qəzəblənib. Məsələ burasındadır ki, belə olduğu halda Mbappe 2024-cü ildə PSJ-ni azad agent qismində tərk edə bilər ki, bu da transfer qiyməti təxminən 200 milyon avroya yaxın olan ulduz hücumçunu havayı əldən vermək deməkdir.
Mbappenin verdiyi qərar PSJ-nin futbolçu ilə müştərək bir çox layihələrinin üstündən xətt çəkməklə yanaşı, klubun strateji planlarına da zərbə vurub.
Bir qədər əvvəl PSJ-nin Mbappeni satmaq üçün “Real”la danışıqlar apardığı haqda məlumat yayılmışdı.


