Kilian Mbappe: “Mən PSJ-dən xahiş etməmişəm, sözümü demişəm”

PSJ-nin ulduz hücumçusu Kilian Mbappe bu yay Fransa klubunu tərk etməsi ilə bağlı yayılan son şayiələrə münasibət bildirib.

Arena.az məsələni diqqətdə saxlayan məşhur italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən Mbappenin sözlərini diqqətinizə çatdırır.

“PSJ-dən məni “Real”a buraxmasını istəməmişəm. Sadəcə kluba bildirmişəm ki, müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq maddəsinə qol qoymayacağam. Klubla yeni müqavilə haqqında danışmamışıq, amma gələn mövsümdə burada qalmaqdan xoşbəxt olacağam”.

Xatırladaq ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqaviləsini avtomatik qaydada yeniləyən müvafiq bəndə qol qoymayıb. Bu isə fransız hücumçunun 2024-cü ilin iyununda azad agent olmasına imkan verəcək. PSJ Mbappeni havayı itirməmək üçün hücumçunun satışında maraqlıdır. Fransız hücumçuya Madrid “Real”ı iddialıdır.

2022/2023 mövsümündə Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib və parislilərlə Fransa çempionluğunu qazanıb.

Vurğulayaq ki, 24 yaşlı Kilian Mbappe PSJ-nin tarixində ən yaxşı bombardirdir.

“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: