UEFA futbol üzrə Çempionlar Liqasının final oyununda Ukrayna bayrağının ətrafında baş verən insidentə münasibət bildirib.
Arena.az xəbər verir ki, final matçı zamanı “Mançester Siti” azarkeşlərindən birinin əlindən Ukrayna bayrağı götürülüb.
Bu isə Ukraynada heç də xoş qarşılanmayıb. Nəticədə qitə futbol qurumu baş verən hadisə ilə bağlı açıqlama yaymaq məcburiyyətində qalıb:
“İlk növbədə nəzərə alın ki, stadionun təhlükəsizliyi yerli təşkilatçılar və yerli polisin nəzarəti altındadır. Bayrağın götürülməsi yerli türk polisinin təhlükəsizlik işçilərindən birinin uğursuz şəxsi təşəbbüsü olub. Türkiyə polisinin rəisinə məlumat verildikdə o, dərhal bayrağın fanata qaytarılmasını istəyib, tam videoya çıxışınız varsa, bunu saniyələr ərzində görə bilərsiniz. Nəzərə alın ki, UEFA Ukrayna bayraqlarının stadionlarda nümayişinə qadağa qoymur”.
Xatırladaq ki, Çempionlar Liqasının İstanbulda keçirilmiş final oyununda “Mançester Siti” və “İnter” komandaları qarşılaşıblar. Rəqibini 1:0 hesabı ilə məğlub edən İngiltərə klubu tarixində ilk dəfə ÇL-in qalibi olub.


