“Turan Tovuz”un sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev də növbəti mövsümdə əyalət klubunda oynamağa davam edəcək.
Arena.az xəbər verir ki, əyalət klubu 26 yaşlı futbolçunu heyətdə saxlamağa qərar verib.
Tərəflər arasındakı müqavilənin müddəti daha 1 il artırılıb. Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, müdafiəçi ilə yeni müqavilə 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Ehtiram Şahverdiyev 2022-ci ilin iyul ayından formasını geyindiyi “Turan Tovuz”la bir illik müqavilə bağlamışdı. Onun əvvəlki sözləşməsi bu ayın sonunda bitirdi. Müdafiəçi Tovuz təmsilçisində 28 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Sumqayıt” və “Qəbələ”də oynayıb. Ehtiram Azərbaycanın U-21 yığmasında da forma geyinib.
“Turan Tovuz”da daha öncə Tərlan Quliyev, Kamal Bayramov, Tərlan Əhmədli, Ayxan Hüseynov, Eltun Turabov və Sadiq Quliyevlə də yeni müqavilə imzalanmışdı. Henri Okebuqvu isə Tovuz təmsilçisindən ayrılıb.


