PSJ-nin braziliyalı müdafiəçisi və kapitanı Markinyos fransız ulduz hücumçu Kilian Mbappenin klubu tərk edə biləcəyinə münasibət bildirib.
Arena.az “RMC Sport”a istinadən Markinyosun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Hər yay biz Kilian haqqında çox danışırıq, lakin o, PSJ-nin oyunçusudur. Və qalmaq istəyir. Baxaq, görək nə olacaq. Mbappenin qalması çox vacibdir, çünki iddialarımız var”.
Daha əvvəl Mbappenin PSJ-yə rəsmi məktub göndərdiyi və məktubda heç bir halda Paris klubu ilə müqaviləni 2025-ci ilə qədər uzatmayacağını bildirdiyi haqda məlumat verilmişdi. Mbappenin PSJ ilə cari müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. Bu səbəbdən PSJ ulduz hücumçu ilə gələn mövsümün sonunda azad agent kimi havayı ayrılmaqdansa, Mbappeni yay transfer pəncərəsində satmağa üstünlük verir.
Mbappe ötən mövsüm parislilərin heyətində 43 oyuna çıxıb, 41 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib və Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


