“Kəpəz” Gürcüstandan olan dayaq yarımmüdafiəçisi Georgi Kantariya ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, Gəncə klubu bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya ilə müqavilənin müddəti başa çatıb və futbolçu “Kəpəz”dən ayrılıb. Gəncə klubu xidmətlərinə görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 26 yaşlı futbolçu “Kəpəz”lə hələ bir neçə gün öncə vidalaşmışdı. O, sosial şəbəkə hesabında Gəncə klubundan ayırdığını “İnstagram”dakı bu sözlərlə bildirmişdi: “Goodbye, “Kapaz”.
Georgi Kantariya “Kəpəz”ə 2022-ci ilin iyulunda “Telavi”dən gəlmişdi. Yarımmüdafiəçi Gəncə təmsilçisində 33 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə “Neman” (Qrodno) və “Dinamo” (Zuqdidi) kimi klubların da formasını geyinmiş Kantariya, Gürcüstanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Kəpəz” daha öncə Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç və Orxan Sadıqlı ilə də yollarını ayırmışdı.


