35 yaşlı argentinalı ulduz hücumçu Lionel Messi PSJ-dən və ümumilikdə Avropa futbolundan getməsini şərh edib.
Arena.az “beIN Sports”a istinadən xəbər verir ki, Messi daha nail olmadığı hədəfin qalmadığını bildirib:
“Futbolda hər şeyə nail olmuşam, daha heç nə qalmayıb”, deyə yeddiqat “Qızıl top” qalibi və dünya çempionu bu xüsusda fikirlərini qısaca ifadə edib.
Messi 2004-cü ilin oktyabrında “Barselona”da peşəkar debüt etdiyi vaxtdan 43 kubok qazanıb ki, bu da braziliyalı Dani Alveslə ortaq rekorddur. “Barselona” ilə 4 dəfə Çempionlar Liqasının qalibi olan Lionel Messi Kataloniya klubu ilə ümumilikdə 35 titul qazanıb. Messi PSJ ilə iki dəfə Fransa çempionluğunu bayram edib.
Xatırladaq ki, geridə qalmış mövsümün bitməsilə azad agentə çevrilmiş Messi PSJ-dən MLS təmsilçisi “İnter Mayami”yə keçib.


