“Sabah” “Olimpiakos”la yoxlama oyunu keçirəcək

“Sabah”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri bəlli olub.

Arena.az xəbər verir ki, baş məşqçi Murad Musayev yetirmələrini Yunanıstanın “Olimpiakos” komandası ilə görüşdə sınaqdan keçirəcək.

Məlumatı Pirey təmsilçisinin rəsmi saytı yayıb. İyulun 19-da baş tutacaq bu görüşün Bakı vaxtı ilə saat 15:00-da başlayacağı diqqətə çatdırılıb. Azərbaycan təmsilçisi isə hələlik bu barədə rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, Yunanıstanın ən köklü klublarından olan “Olimpiakos” ölkənin həm də ən titullu komandalarından biridir. Pirey təmsilçisi 47 dəfə ölkə çempionu, 28 dəfə Yunanıstan Kubokunun qalibi olub.

“Sabah” yeni mövsümün hazırlığına iyunun 21-də start verib. Paytaxtda baş tutan ilk toplanış iyunun 29-na qədər davam edəcək. Həmin tarixdə komanda Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq. İyulun 6-da isə komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq. Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: