Kilian Mbappe Nanterdə güllələnmiş yeniyetməyə acıdı

PSJ-nin ulduz hücumçusu Kilian Mbappe Nanterdə 17 yaşlı yeniyetmənin polisin açdığı atəş nəticəsində ölümünə münasibətini bildirib.

Arena.az xəbər verir ki, avtomobil idarə edən Nael adlı 17 yaşlı oğlan yol patrulunun tələbinə tabe olmaqdan boyun qaçırıb və dayanmayıb.

Polis yeniyetməyə odlu silahdan atəş açıb, yeniyetmə sinəsindən güllə yarası alıb. Həkimlər onu həyata qaytarmağa çalışsalar da, yeniyetmə dünyasını dəyişib. Hadisəni törətmiş polis zabiti səhvən adam öldürməkdə şübhəli bilinərək həbsə alınıb.

Bu hadisədən sonra Paris ətrafında iğtişaşlar başlayıb – nümayişçilər zibil qutularını və avtomobilləri yandırıblar, təcili yardım maşınlarına fişənglər atıblar, küçələrdə barrikadalar qurublar. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Səlahiyyətli nümayəndələr iğtişaşla bağlı 15 nəfərin həbs edildiyini bildirirlər.

Fransa yığmasının da üzvü olan Kilian Mbappe isə baş verənlərlə bağlı “Twitter” hesabında qısaca bu sözləri yazıb: “Fransama yazığım gəlir. Yolverilməz vəziyyətdir. Bütün düşüncələrim Naelin ailəsinə və yaxınlarına, çox tez getmiş bu kiçik mələyə yönəlib”.

Vurğulayaq ki, hadisə böyük ictimai əks-səda doğurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: