İngiltərə yığmasının və “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntun “Mançester Yunayted”ə transferi ilə bağlı təfərrüatlar açıqlanıb.
Arena.az bu barədə italyan-jurnalist insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 24 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Maunt gələn həftənin əvvəlində tibbi müayinədən keçəcək.
Vurğulanır ki, Maunt həmişə “Mançester Yunayted”in bir nömrəli hədəfi olub. “Bayern” isə heç vaxt Mauntu almaq bəhsində olmayıb.
2022/2023 mövsümündə Maunt “Çelsi”nin heyətində 35 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib. O, bu komanda ilə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, klublararası dünya çempionatını qazanıb.
Mauntun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonunda başa çatacaq.
“Transfermarkt” internet-portalı Meyson Mauntu 60 milyon avro məbləğində qiymətləndirir.


