Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe gələn həftə İspaniyanın “Real” klubu ilə müqavilə bağlayacaq.
Arena.az bu barədə jurnalist-insayder Fransua Qallardoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, tərəflər 24 yaşlı fransız futbolçunun transferi ilə bağlı, müqavilənin bütün şərtlərini artıq razılaşdırıblar. Transferin məbləği barədə isə məlumat verilməyib.
Mbappe 2017-ci ilin yayında “Monako”dan icarə əsasında PSJ-yə keçib. Növbəti mövsümdə isə PSJ knyazlıq klubundan Mbappenin transfer hüququnu 180 milyon avroya alıb. Bu transfer hələ də futbol tarixinin ən bahalı transferi reytinqində ikincidir: PSJ yalnız Neymarın “Barselona”dan transferinə daha böyük məbləğ xərcləyib – 222 milyon avro.
Geridə qalmış mövsüm ərzində Kilian Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu və ən yaxşı yaxşı oyunçusu olub.
Mbappenin PSJ ilə cari müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


