Fransa yığmasının futbolçuları kollektiv məktubunda, doğma ölkələrinin küçələrində özbaşınalıq edən etirazçılara müraciət ediblər.
Arena.az bu barədə “L’Equipe”ə istinadən məlumat verir.
Fransa yığması etirazçıları zorakılığa son verməyə və iğtişaşları dayandırmağa səsləyib. “L’Equipe” nəşri bu xüsusda qələmə alınmış məktubun mətnini ictimaiyyətə təqdim edib:
“Biz xalqın qəzəbinin şahidləriyik, bunun səbəbləri bizə aydındır, amma bunun hansı tərzdə həyata keçirildiyini başa düşmürük. Siz doğma ölkənizi, şəhərlərinizi, məhəllələrinizi və böyüyə biləcəyiniz və həmvətənlərinizlə yaxın ola biləcəyiniz məkanları məhv edirsiniz”, dərc edilmiş məktubda deyilir.
Vurğulayaq ki, Fransada 17 yaşlı yeniyetmənin yol polisi tərəfindən odlu silahdan açılmış atəş nəticəsində ölümü ilə əlaqədar, artıq dördüncü gündür ki, iğtişaşlar yaşanır. Gənc oğlanın dayanmaq tələbinə cavab verməməsi nəticəsində o, yol polisi tərəfindən güllələnib. Məlum hadisə ilə əlaqədar olaraq, ölkədə etirazlar və iğtişaşlar baş qaldırıb. Hökumət narazı kütləyə qarşı güc tətbiq etmək məcburiyyətində qalıb, 600-dən çox adam saxlanılıb, 200-dən çox polis yaralanıb, iğtişaşlar hələ də davam edir.


