Ukraynanın “Şaxtyor” (Donetsk) klubu İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem”lə xeyriyyə oyunu keçirəcək.
Arena.az bu barədə “Şaxtyor”un rəsmi saytına istinadən məlumat verir.
Donetsk təmsilçisinin rəsmi saytında bu xüsusda bəyanatda deyilir:
“Oyun avqustun 6-da, saat 14:00-da Londonda, “Tottenhem”in ev oyunlarını keçirdiyi arenada keçiriləcək. Oyun zamanı bütün Ukraynada uşaqlara və ailələrə maliyyə dəstəyi, humanitar və tibbi yardım göstərən “Şaxtyor Sosial” xeyriyyə fondu üçün vəsait toplanacaq.
“Tottenhem”, həmçinin bilet satışından əldə edilən xalis gəlirdən maliyyə töhfəsi və əlavə ianələr edəcək. Bu, “Şaxtyor” və “Tottenhem”in UEFA Kubokunda üz-üzə gəldiyi 2009-cu ildən bəri ilk görüşü olacaq. O vaxt qələbəni “şaxtaçılar” bayram etmişdilər.
“Tottenhem” – “Şaxtyor” oyununa biletlərinin qiyməti böyüklər üçün 25 funt-sterlinq, 18 yaşa qədər kəslər üçün isə 5 funt-sterlinq olacaq. Həmçinin 50 funt-sterlinqə ailə paketi (iki böyük, iki uşaq) var”.


