Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe Madrid “Real”ına keçəcəyi təqdirdə məvacibinin azalmasını istəmir.
Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.
Mbappenin müxtəlif ödənişlərdə “Real”dan 240 milyon avro istədiyi, bundan sonra “Kral klubu”nun danışıqlara xitam verməyi qərara aldığı deyilir.
Nüfuzlu nəşrin məlumatına görə, Mbappenin istəkləri müqabilində “Real” təmsilçiləri hücumçunun yüksək tələbləri səbəbindən transferin mümkünsüzlüyünü bildiriblər. Hələ ötən mövsümdə Mbappe və ətrafının fəndlərinə giriftar olmuş “Real”, ulduz futbolçunu 2024-cü ildə azad agent qismində transfer etməyə meyillidir. İndi risk ondan ibarətdir ki, Mbappenin əvvəlki açıqlamalarına rəğmən, hücumçu PSJ ilə müqaviləsini yenidən uzada bilər.
Mbappe ilk olaraq “Real”ın bu yay transfer pəncərəsində hədəfində deyildi. Amma hücumçusu Kərim Benzemanın Səudiyyə Ərəbistanına keçidi ilə ön xəttin gücləndirilməsinə ehtiyac duyan Madrid təmsilçisi mütləq çıxış yolu axtarışındadırlar. “Kral klubu” yüksək səviyyəli hücumçuya ehtiyac duyur. “Real”ın maraq dairəsində olan Harri Keynin isə “Bayern”ə keçməyə yaxın olması səbəbilə, “Kral Klubu” indi “Yuventus”un serb hücumçusu Duşan Vlahoviçə göz dikib. Lakin “Yuventus” “Çelsi”yə 60 milyon avroya satmaqdan imtina etdiyi bu futbolçusuna görə azı 70 milyon avro qazanc güdür.


