Fransa çempionu PSJ-də klub rəhbərliyi komandanın ulduz hücumçusu Kilian Mbappenin davranışından narazıdır.
Arena.az bu barədə “L’Équipe”ə istinadən məlumat verir.
PSJ rəhbərliyi hesab edir ki, Mbappe 2022-ci ildə müqaviləsini yeniləyərkən vədinə xilaf çıxıb. Belə ki, o, klub rəhbərliyini, klubu azad agent kimi tərk etməyəcəyinə inandırıb. Bu səbəbdən də parislilər Mbappe ilə qısamüddətli müqavilə bağlamaq qərarına gəliblər və məcburi üç illik müqavilədə israrlı olmayıblar.
Yaranmış vəziyyətə ən çox zərər görən tərəf isə PSJ-dir. Paris nəhənginin strateji planları pozulub: indi klub komandanı Mbappenin ətrafında qurmağı və ya Mbappesiz kollektiv formalaşdırmağı müəyyən edə bilmir.
Məhz Mbappenin bu davranışı ucbatından tərəflər arasındakı müqavilənin 2025-ci ilə qədər uzadılması ilə bağlı danışıqlar dalana dirənib. Klub Mbappenin gələn yay pulsuz transferlə ayrılmaq istədiyini düşünür. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir, amma müqavilədə razılaşmanın 12 ay uzadılması variantı da var ki, hücumçu bu bəndə heç bir vəchlə qol qoymur. Klub heç bir üsulla Mbappeyə təsir edə bilmir. Klub rəhbərliyi yeganə çıxış yolunu ulduz futbolçunu transferə çıxarmaqda görür. Bu cəbhədə isə “Real”dan imkanlı klub yoxdur. Öz növbəsində “Kral klubu” pullarını havaya sovurmaq əvəzinə, mümkün qədər az para xərcləməklə Mbappeni Madridə gətirmək fürsəti güdür.
Xatırladaq ki, ötən gün fransız hücumçunun 224 milyon avro + 56 milyon avro sxemi üzrə yaxın günlərdə “Real”a keçəcəyi barədə də xəbərlər yayılıb. Lakin hələlik bu xəbər rəsmən təsdiqlənmir.
Kilian Mbappe PSJ-yə 2017-ci ilin yayında “Monako”dan keçib. Geridə qalmış mövsümdə Mbappe parislilərin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar verib. O, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və ən yaxşı oyunçusu seçilib. Ümumilikdə Mbappe PSJ-nin heyətində 5 dəfə Fransa çempionatının, 3 dəfə Fransa kubokunun, 2 dəfə Liqa kubokunun və 2 dəfə də ölkə superkubokunun qalibi olub.


