“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt İngiltərə Premyer Liqasının digər nəhəngi “Mançester Yunayted”ə keçib.
Arena.az bu bardə “Mançester Yunayted”in rəsmi saytına istinadən xəbər verir.
“Qırmızı şeytanlar” 24 yaşlı Mauntla 5 illik müqavilə imzalandığını açıqlayıb. Müqavilədə razılaşmanın daha 1 il uzadılması haqda maddə nəzərdə tutulub. İngilis yarımmüdafiəçi yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Daha əvvəl Mauntun transferinin “Mançester Yunayted”ə 55 milyon funt-sterlinq + 5 milyon funt-sterlinq sxemi üzrə başa gələcəyi (bütövlükdə 70 milyon avro) bildirilmişdi. Mauntun məvacibi bonuslar da daxil olmaqla, həftəlik 250-300 min funt-sterlinq məbləğində olacaq.
Bütün “Çelsi” karyerası ərzində Meyson Maunt “zadəganlar”ın heyətində 195 oyuna çıxıb, 33 qol vurub, 37 məhsuldar ötürmə verib. O, komandası ilə Çempionlar Liqasını, UEFA Super Kubokunu, klublararası dünya çempionatını qazanıb.
Maunt vaxtilə icarə əsasında “Derbi Kaunti” (44 oyun, 11 qol, 6 assist) və “Vitess” (39 oyun, 14 qol, 10 assist) kimi klublarda da forma geyinib. O, İngiltərə yığmasında da 36 oyuna çıxıb, 5 qol vurub.
Vurğulayaq ki, bu, “Mançester Yunayted”in yay transfer pəncərəsində ilk transferidir.


