“Liverpul” Mbappe üçün PSJ-yə təklif ünvanladı – 200 milyon avro

“Liverpul” PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappe ilə maraqlanır və futbolçunun transferində israrlıdır.

Arena.az bu barədə jurnalist-insayder Edu Agirreyə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Liverpul” Mbappeni heyətinə qatmaq üçün PSJ-yə 200 milyon avro məbləğində təklif ünvanlayıb. İngiltərə klubunun danışıqlarda sürətlə irəlilədiyi vurğulanır.

Xatırladaq ki, Mbappe PSJ ilə müqaviləsini 2024/2025 mövsümü üçün avtomatik qaydada yeniləməkdən imtina edib və ulduz hücumçunun 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılmış xəbərlərə görə, Mbappe bu yay transfer pəncərəsində “Real”a keçmək istəyir. Digər tərəfdən, Mbappenin özünün növbəti mövsümü PSJ-də keçirməyi planlaşdırdığı iddia edilir. Rəsmi mənbələrin susması fonunda insayderlərdən sızan məlumat, müxtəlifliyi ilə diqqət çəkir. Müvafiq mənzərə PSJ-də qeyri-sağlam ab-hava yaradıb. Klub rəhhbərliyi komandanı Mbapenin ətrafında və ya ulduz futbolçusuz quracağını hələ də müəyyən edə bilməyib.

24 yaşlı Mbappe geridə qalmış 2022/2023 mövsümü ərzində PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 ol vurub, 10 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və ən yaxşı oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: