PSJ Mbappeni satacağı məbləği dəqiqləşdirdi, ulduza vaxt qoydu

PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappenin cari yay transfer pəncərəsində Paris klubunu tərk edəcəyi ehtimalı böyükdür.

Arena.az “Le Parisien”ə istinadən xəbər verir ki, Paris nəhəngi ulduz futbolçusunun satış qiymətini də dəqiqləşdirib.

Mənbənin məlumatına görə, klub rəhbərliyi 24 yaşlı ulduz hücumçusunun minimum transfer qiymətini 200 milyon avro məbləğində müəyyənləşdirib.

Bir qədər əvvəl “Liverpul”un Mbappeyə görə Paris klubuna məhz bu qədər məbləğ təklif etdiyi haqda məlumat yayılmışdı.

Bununla yanaşı, PSJ-nin Mbappeni satmaqla Neymarın transfer rekordunu (222 milyon avro) yeniləmək niyyətində olduğu vurğulanır.

Eyni zamanda Fransa klubu Mbappeyə gələcəyi ilə bağlı müqəddəratı haqda qərar vermək üçün iyul ayının sonuna qədər vaxt verib. Ən uzağı, iyulun 31-də futbolçu qərarını verməldir, əks halda o, transferə çıxarılıb satılacaq.

Xatırladaq ki, Mbappe PSJ ilə müqaviləsini 2024/2025 mövsümü üçün avtomatik qaydada yeniləməkdən imtina edib. Hücumçunun 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılmış xəbərlərə görə, Mbappe bu yay transfer pəncərəsində “Real”a keçmək istəyir. Digər tərəfdən, Mbappenin özünün növbəti mövsümü PSJ-də keçirməyi planlaşdırdığı iddia edilir. Rəsmi mənbələrin susması fonunda insayderlərdən sızan məlumat, müxtəlifliyi ilə diqqət çəkir. Müvafiq mənzərə PSJ-də qeyri-sağlam ab-hava yaradıb. Klub rəhhbərliyi komandanı Mbapenin ətrafında və ya ulduz futbolçusuz quracağını hələ də müəyyən edə bilməyib.

24 yaşlı Mbappe geridə qalmış 2022/2023 mövsümündə PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və ən yaxşı oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: