Fransa çempionu PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappe bu yay İspaniya nəhənhi “Real”a keçməyə razılaşıb.
Arena.az bu barədə “Cadena SER”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, fransız ulduz ildə 50 milyon avro maaşla 5 illik müqavilə imzalamağa razılıq verib.
Mbappenin PSJ ilə müqaviləsini iyulun 30-na qədər uzatmasa, bu yay Parisi tərk edə biləcəyi vurğulanır.
Xatırladaq ki, Mbappe PSJ ilə müqaviləsini 2024/2025 mövsümü üçün avtomatik qaydada yeniləməkdən imtina edib və ulduz hücumçunun 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılmış xəbərlərə görə, Mbappe bu yay transfer pəncərəsində “Real”a keçmək istəyir. Digər tərəfdən, Mbappenin özünün növbəti mövsümü PSJ-də keçirməyi planlaşdırdığı iddia edilir. Rəsmi mənbələrin susması fonunda insayderlərdən sızan məlumat, müxtəlifliyi ilə diqqət çəkir. Müvafiq mənzərə PSJ-də qeyri-sağlam ab-hava yaradıb. Klub rəhhbərliyi komandanı Mbapenin ətrafında və ya ulduz futbolçusuz quracağını hələ də müəyyən edə bilməyib.
24 yaşlı Kilian Mbappe geridə qalmış 2022/2023 mövsümündə PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və ən yaxşı oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Liverpul”un Mbappe üçün PSJ-yə 200 milyon avro təklif etdiyi haqda məlumat yayılmışdı. Lakin futbolçunun karyerasını Madrid “Real”ında davam etdirmək arzusunda olduğu çoxdan məlumdur.


