“Səbail” yoxlama matçında “Kəpəz”ə qalib gəldi

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Səbail” və “Kəpəz” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, sözügedən komandaların qarşılaşması Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.

Hərəsi 30 dəqiqə olmaqla 3 hissədən ibarət olan qarşılaşmada qapılara da 3 qol vurulub. “Dənizçilər” meydanı 2:1 hesablı qələbə ilə tərk ediblər. Paytaxt klubunun heyətində yeni transfer Pedro Nuno və müdafiəçi Adil Nağıyev fərqlənib. “Kəpəz”in yeganə qoluna isə Nihad Fərəci imza atıb.

Xatırladaq ki, bu, sözügedən komandaların bu yay fasiləsindəki ilk sınaq matçı idi.

İyulun 1-də Bakıda bir araya gəlmiş “Səbail” sabah hazırlığın ilk mərhələsinə yekun vuracaq. Komanda təlim-məşq toplanışının növbəti mərhələsi üçün iyulun 9-da Türkiyəyə yollanacaq. Şahin Diniyevin çalışdırdığı komanda Türkiyə toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək.

Artıq bu rəqiblərdən birinin kimliyi məlumdur. Belə ki, Bakı klubu Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”la üz-üzə gələcək. Bu barədə Konya klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, tərəflər arasındakı oyun iyulun 21-də baş tutacaq. Oyuna yerli vaxtla saat 17:00-da start veriləcək.

“Səbail”in digər rəqiblər və matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə dəqiqləşəcək. Komandanın qardaş ölkədə nə vaxta qədər hazırlıq keçəcəyi də açıqlanmır.

“Kəpəz” isə yeni mövsümün hazırlığına iyunun 26-dan başlayıb. Komandanın yay hazırlıq planları barədə ətraflı məlumat açıqlanmır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: