Kilian Mbappenin PSJ-ni tənqid etdiyi müsahibəsi futbolçuların və klub rəhbərlərinin narazılığına səbəb olub.
Arena.az bu barədə “RMC Sport”a istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl “France Football”a müsahibəsində Mbappe digər məsələlərlə yanaşı, parislilərin Çempionlar Liqasındakı uğursuzluqları ilə əlaqədar sualların klub rəhbərliyinə ünvanlanmalı olduğunu bildirərək, PSJ-də oynamağın onun çıxışlarının lazımi səviyyədə qiymətləndirilməməsinə səbəb olduğunu vurğulamışdı.
PSJ futbolçularının bir hissəsinin bu müsahibədən narazı qaldığı deyilir. İkisi bu yay PSJ-yə keçmiş adı çəkilməyən altı futbolçu Mbappenin bu “mədəniyyəti” haqda klub prezidenti Nasser Əl-Xelaifiyə bildirib. Futbolçulardan biri Mbappenin bu fikirlərinin “kluba münasibətdə təhqir” olduğunu qeyd edib.
Əl-Xelaifinin özünün də Mbappenin bu xüsusda müsahibəsini klub tərəfdaşlarına, məşqçilərə və azarkeşlərə münasibətdə hörmətsizlik hesab etdiyi və “matı-qutu quruduğu” bildirilib.


