PSJ-nin klubun fransalı ulduz hücumçusu Kilian Mbappeyə ünvanladığı cavab məktubunun bir hissəsini dərc edilib.
Arena.az xəbər verir ki, məktub bu gün “The Athletic” dərgisi tərəfindən dərc edilib.
İyunun ortalarında Mbappe PSJ rəhbərliyinə məktub ünvanlayaraq müqaviləsini 2025-ci ilin iyununa qədər uzatmayacağını bildirmişdi.
Daha sonra PSJ-nin bu məktuba “aqressiv tonda” cavab verdiyi məlum olub:
“Vəziyyətdən yeganə çıxış yolu satış və ya 2025-ci il iyunun 30-na qədər klubda çıxış etməyi davam etdirmək ola bilər ki, bu da bizim aramızda dəqiqliklə müəyyən edilib.
Sizin kimi bütün böyük oyunçular klublarını məhz belə tərk ediblər: qalıcı bir miras qoyub, yeniyetməlik illərindən sizə kömək edən və ailənizə dəstək olan kluba maddi kömək göstərərək”.
Xatırladaq ki, Mbappenin ətrafında vəziyyət qeyri-müəyyən olaraq qalır. Ulduz hücumçu PSJ ilə müqaviləsini hələ də yeniləməyib, digər tərəfdən isə mətbuat Mbappeni “Real”a göndərir. Futbolçunun özünün PSJ-də daha bir mövsüm çıxış etmək istəyində olduğu da iddia edilir.


