Sabiq italyan futbolçu Paolo Di Kanio PSJ-də ulduz hücumçu Kilian Mbappe ilə bağlı yaranmış vəziyyət haqda danışıb.
Arena.az “Sky Sports Italia”ya istinadən Di Kanionun bu xüsusda fikrini diqqətinizə çatdırır:
“PSJ Mbappeni korlamaqla, bu vəziyyətə özü düşdü. Klub artıq keçən il bu qarmağa keçib və indi Mbappe böyük pullar almağa davam edir.
Əlbəttə, PSJ-nin səhvlərindən danışmaq olar, amma bu oğlan özünü ədəbsiz, nalayiq aparır. O, keçən il də oxşar üsuldan istifadə edib və indi bir il oynamaq, pul qazanmaq, azad agent olmaq və “Real”a getmək istəyir”, deyə Di Kanio bildirib.
Xatırladaq ki, 24 yaşlı Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Ulduz hücumçunun müqaviləsini yeniləmək istəmədiyi və “Real”a keçmək niyyətində olduğu bildirilir.


