2023/2024 mövsümünə hazırlığı davam etdirən “Kəpəz”də qapıçı Kamran İbrahimov ilə də bağlı yekun qərar verilib.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisi 24 yaşlı qolkiperlə müqaviləni yeniləyib.
İbrahimov daha bir il bu klubun şərəfini qoruyacaq. Tərəflər arasındakı sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədər artırılıb. Əvvəlki müqavilənin müddəti ötən ayın sonunda başa çatmışdı.
Kamran İbrahimov “Kəpəz”ə 2022-ci ilin iyul ayında “Neftçi”dən ayrılaraq keçmişdi. O, Gəncə təmsilçisində 7 oyuna çıxıb, 17 qol buraxıb. Qolkiper cəmi 1 oyunda qapısının toxunulmazlığını qoruya bilib.
Xatırladaq ki, “Kəpəz”də daha öncə Elçin Əlicanov, Yeqor Xvalko və Tural Rzayevlə də yeni müqavilə imzalanmışdı. Gəncəlilər Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya ilə də yollarını ayırıblar. Onların əvəzində Vurğun Hüseynov, Rüfət Əhmədov və Zamiq Əliyev transfer olunub.


