Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe cari yay transfer pəncərəsi zamanı Paris təmsilçisini tərk etməyəcək.
Arena.az “RMC Sport”a istinadən xəbər verir ki, müvafiq iddia ilə fransız futbol mütəxəssisi Daniel Riolo çıxış edib:
“Mbappe gələn mövsümdə PSJ-də olacaq. Klub onu ehtiyat oyunçular skamyasında oturtmağa qərar versə belə, Mbappe klubda qalacaq. O, bu vəziyyəti qəbul etməyə hazırdır”, deyə Riolo bildirib.
Xatırladaq ki, daha əvvəl Mbappenin PSJ rəhbərliyinə məktub ünvanladığı və məktubunda klubla müqaviləsini yeniləmək istəyində olmadığı bildirilirdi. Ulduz futbolçunun parislilərlə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Yaranmış vəziyyətdə klub Mbappeni havayı itirməmək üçün satışa çıxarmağı daha düzgün hesab edir. Ancaq ulduz futbolçunun həddindən artıq bahalı olması transferi əngəlləyən əsas amildir. Hazırda yalnız “Real” Mbappeni sıralarına qatmağa gerçək namizəddir. Madrid klubunun buna maddi imkanı çatsa da, klub rəhbərliyi izafi xərcə düşməkdənsə, Mbappenin gələn mövsümün sonunda azad agentə çevrilərək “Kral klubu”na keçməsini hədəfləyir.
Bu arada mətbuatın bir qismi Mbappeni bu yay “Real”a göndərir, digər qismi isə ulduz futbolçunun dilindən PSJ-də qalmaq istəyini iddia edir. Yaranmış qeyri-müəyyən vəziyyətdə PSJ rəhbərliyi komandanı Mbapenin ətrafında və ya ulduz futbolçusuz qurmaq seçimi etməlidir, ancaq məlum səbəblərdən bu seçim gecikir. PSJ-nin yeni baş məşqçisi Luis Enrike komandasını Mbappesiz qurmağa hazırdır.
Mbappenin müvafiq davranışı həm klub rəhbərliyi, həm də bir çox məşhur futbol adamları tərəfindən artıq qınanılıb.
24 yaşlı Mbappe geridə qalmış mövsümdə PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və ən yaxşı oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


