Argentinalı ulduz hücumçu, PSJ-nin sabiq futbolçusu Lionel Messi “Instagram” hesabında Paris nəhəngini izləməyi dayandırıb.
Arena.az xatırladır ki, 2022/2023 mövsümünün bitməsilə Messi PSJ-dən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.
Bu ərəfədə Paris nəhəngi ilə ulduz futbolçunun arasında münasibətlərin gərilməsi müşahidə edilib. PSJ azarkeşlərinin argentinalı hücumçuya münasibətdə yol verdiyi sayğısızlıq – onu dəfələrlə səbəbli-səbəbsiz fitə basmaları Messinin qəlbinə toxunmuşdu. Messi bu xüsusda müsahibəsində kütlənin kiçik bir hissəsinin göstərdiyi mədəniyyətsizliyi bütöv bir azarkeş ordusuna şamil etmədiyini açıqlasa da, ABŞ-a köçdükdən sonra PSJ haqda xoşagəlməz təəssüratlarını paylaşmışdı.
Lionel Messi hazırda “Barselona”, “Çelsi”, “Mançester Siti” və “Nyuells Old Boyz” klublarının “Instagram” hesablarına abunədir.


