“Qızıl top”un qalibləri – Ronaldo və Messi olmasaydı…

“Qızıl top”un rəsmi “Twitter” hesabı təqdim etdiyi maraqlı siyahısı ilə diqqət çəkib. Arena.az xəbər verir ki, bu mükafatı ən çox qazanmış iki futbolçu – Lionel Messi və Kristiano Ronaldo nəzərə alınmayıb.

“İnter Mayami”nin argentinalı hücumçusu ilə “Əl-Nəsr”in portuqal forvardının olmadığı halda, qaliblərin kimlər olacağı açıqlanıb.

“Qızıl top”un rəsmi hesabına görə, Messi və Ronaldonun hökmranlığı dövründə ispan yarımmüdafiəçilər – Xavi və Andres İnyesta, eləcə də braziliyalı hücumçu Neymar (PSJ) hərəyə iki dəfə bu nüfuzlu mükafatın qalibləri ola bilərdilər.

İspan hücumçu Fernando Torres, fransız yarımmüdafiəçi Frank Riberi, alman qapıçı Manuel Noyer (“Bayern”), fransız hücumçu Antuan Qrizmann (“Atletiko” (Madrid)), holland müdafiəçi Vircil van Deyk (“Liverpul”) və polşalı hücumçu Robert Levandovski (“Barselona”) də hərəyə bir dəfə bu mükafatın qalibi ola bilərmiş.

Maraqlıdır ki, əgər CR7 və LM10 olmasaydı, Manuel Noyer SSRİ yığmasının əfsanəvi qapıçısı Lev Yaşindən sonra “Qızıl top”a layiq görülmüş növbəti qapıçı ola bilərdi.

Xatırladaq ki, “Qızıl top” 1956-cı ildə Fransanın nüfuzlu “France Football” həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafatdır. 2010-cu ildə “France Football” həftəliyinin “Qızıl top” və “FIFA ilin futbolçusu” mükafatları birləşdirilərək “FIFA-nın qızıl topu” adlandırılıb.

Lionel Messi “Qızıl top”u 7 dəfə (2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021) qazanıb. Kristiano Ronaldo isə 5 dəfə (2008, 2013, 2014, 2016, 2017) bu uğura nail olub.

“Qızıl top”u hamıdan çox qazanmış Messi həm də bu mükafatı 4 il dalbadal əldə edib. Bu, dünya rekordu olmaqda davam edir.

Mükafatın son qalibi isə Kərim Benzemadır. Fransız hücumçu da bu yay “Real”dan ayrılaraq “Əl-İttihad”a keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: