Ander Gevara “Real Sosyedad”ı “Alaves”ə dəyişdi

“Real Sosyedad”ın yarımmüdafiəçisi Ander Gevara İspaniya La Liqasının digər iştirakçısı “Alaves”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Alaves” 26 yaşlı futbolçunun transferi üçün “Real Sosyedad”a 1,8 milyon avro ödəyib. İspan futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Ander Gevara “Real Sosyedad”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 101 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.

“Real Sosyedad” digər yarımmüdafiəçisi Roberto Lopesi də “Tenerife”yə icarəyə verib. 23 yaşlı ispan futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O, ötən mövsümü də “Mirandes”də icarədə keçirib. “Real Sosyedad”ın yetirməsi olan Lopes də əsas komandada 24 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, Ander Gevaranı heyətinə qatan “Alaves” bir sıra futbolçuları ilə də yollarını ayırıb. Belə ki, La Liqaya bu yay yüksəlmiş klub icarə əsasında bu komandada forma geyinən müdafiəçi Nahuel Tenalya (“Talyeres”), yarımmüdafiəçilər Antonio Blanko (“Real”), Rober Qonsales (“Betis”), hücumçu Asyer Vilyalibre (“Atletik”) ilə vidalaşıb. Onlar müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.

Taçi Hara, Ceyson Remeseyro, Toni Moya və Viktor Laquardiya isə klubla müqaviləsi bitdiyi üçün ayrılıblar. Hara “Kioto”ya, Remeseyro “Aroka”ya, Moya “Saraqosa”ya keçib. Laquardiya isə klubsuzdur və onun karyerasını bitirmək istədiyi bildirilir.

“Alaves” müqaviləsinin müddəti bu yay başa çatmış Ruben Duarte ilə də yeni müqavilə bağlayıb. 27 yaşlı ispan müdafiəçi 3 illik yeni sözləşməyə imza atıb. Daha öncə “Espanyol”da oynamış futbolçu 2017-ci ildən çıxış etdiyi “Alaves”də 199 oyuna 1 qol vurub, 16 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçi Aleks Balboa da klubla yeni müqavilə bağlayıb. 22 yaşlı futbolçu da 3 illik sözləşməyə imza atıb. O, əsas komandada 16 oyuna çıxsa da, məhsuldar nəticəsi yoxdur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: