“Sabah” “Olimpiakos” üzərində qələbəni əldən verdi

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı komanda toplanış çərçivəsində keçirdiyi son yoxlama matçında Yunanıstanın “Olimpiakos” klubuyla qarşılaşıb.

Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00-da) start verilmiş oyunda baş məşqçi Murad Musayev bu heyətə güvənib:

Əsas heyət: Yusif İmanov, Con İrasabal, Sofian Çakla, Amin Seydiyev, Boyan Letiç, Elvin Camalov (k), Aleksey İsayev, Anatoli Nuriyev, Kristian da Silva, Namiq Ələsgərov, Davit Volkov.

Ehtiyat oyunçular: Rəvan Mirzəmmədov, Rüstəm Samiqullin, Camal Cəfərov, Vensan Till, Şakir Seyidov, Seymur Məmmədov, Rəhman Daşdəmirov, Emmanuel Apeh, Higor Qabriel, Ceyhun Nuriyev, İldar Ələkbərov, Tellur Mütəllimov, Əhməd Tarverdiyev.

Hesabı ilk yarının sonlarında “Sabah” açıb. 42-ci dəqiqədə Davit Volkov fərqlənib. Amma Yunanıstan nəhəngi 64-cü dəqiqədə məğlubiyyətdən xilas olmağı bacarıb. Oyunda başqa qol qeydə alınmayıb və tərəflər meydanı 1:1 hesablı heç-heçə ilə tərk ediblər.

Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Əl-Sədd” komandasına 3:1 hesabıyla qalib gəlmişdi. İkinci sınaq matçında isə komanda Almaniyanın “Sankt Pauli” klubuna 1:4 hesabıyla uduzub. “Olimpiakos”a qarşı oyunla təlim-məşq toplanışını başa vuran komanda Bakıya qayıdacaq və hazırlığını doğma məkanda davam etdirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: