Fransa çempionu PSJ fransalı ulduz hücumçusu Kilian Mbappeni Yaponiyadakı təlim-məşq toplanışına aparmamaq qərarına gəlib.
Arena.az bu barədə “L’Equipe”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, rəhbərlik klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq Mbappenin “Real”la gizli anlaşması olduğu qənaətindədir.
Mbappeyə rəhbərliyin qərarı barədə iyulun 21-də klubun bazasında “Havr”la yoldaşlıq oyunundan (2:0) sonra məlumat verilib.
Xatırladaq ki, həmin oyunda ikinci qolun müəllifi Mbappe olub.
Daha əvvəl Kilian Mbappenin “Real”la şəxsi müqaviləsinin şərtlərini artıq razılaşdırdığı bildirilirdi. Həmçinin fransız hücumçunun Madriddə illik 54 milyon avro məvacib alacağı haqda məlumat yayılmışdı.
“Real”ın Mbappenin transferi üçün 180 milyon avrodan çox pul ödəmək fikrində olmadığı da vurğulanırdı. Fransa nəhəngi isə öz növbəsində 180 milyon avro, həmçinin bonus olaraq təxminən 47 milyon avro almaq istəyir. Danışıqlarda məhz bu məsələnin çətinlik yaradacağı ehtimal edilir. Amma PSJ ulduz hücumçusunu 2024-cü ildə havayı itirməmək üçün Mbappeni onsuz da bu və ya digər şəkildə satmağa məcbur olacaq.


