Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ulduz hücumçu Kilian Mbappenin transferi ilə bağlı PSJ ilə danışıqlara başlayıb.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, indiki mərhələdə ərəblər ulduz futbolçunun özü ilə əlaqə saxlamayıblar, sadəcə 300 milyon avrodan danışıqlara başlamağı planlaşdırdıqlarını PSJ rəhbərliyinə rəsmən bildiriblər. PSJ Mbappenin artıq “Real”la şəxsi razılaşma əldə etdiyinə də əmindir.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi, Kilian Mbappenin gələcəyi və müqaviləsi ilə bağlı vəziyyətə dair ulduz oyunçunu bu yay “Real”a deyil, başqa klublara keçmək təkliflərini nəzərdən keçirməyə inandırmağa çalışır.
Mbapenin ətrafında vəziyyət hələ də qeyri-müəyyən qalmaqda davam edir. Bu vəziyyətdə Mbappe öz davranışı ilə PSJ-ni çıxılmaz vəziyyətdə qoyub, klub ulduz futbolçusu ilə nə edəcəyini bilmir. Rəhbərliyin göstərişi ilə Mbappe PSJ-nin Yaponiya turensindən kənarlaşdırılıb və transferə çıxarılıb.
Jurnalist Ceyms Benq isə Mbappenin məvacibi ilə bağlı əldə etdiyi məlumatı paylaşıb. Məlumata görə “Əl-Hilal” fransalı ulduza illik 700 milyon avro maaş təklif etməyə hazırdır. Rəhbərliyin hətta bir ilin tamamında Mbappenin klubu havayı tərk edə biləcəyi şərtinə də razı olduğu vurğulanır.
Belə olacağı halda Mbappe dünya futbol tarixinin ən bahalı transferi və ən çox məvacib alan futbolçusu olacaq.
Son məlumata görə PSJ rəhbərliyi Mbappeyə “Əl-Hilal”la danışıqlar aparmağa icazə verib.
Bu arada “Barselona”, “İnter”, “Mançester Yunayted” və “Tottenhem”in də PSJ rəhbərliyi ilə Mbappenin transferi ilə bağlı danışıqlara başladığı məlum olub. Bəzi dialoqlarda klublar transferin maddi tərəfini bir neçə oyunçusunu əlavə olaraq PSJ-yə təklif etməklə tarazlamağı təklif ediblər.
PSJ gələn ilin yayında Mbappeni azad agent qismində havayı itirməkdənsə, ulduz futbolçusunu ən sərfəli təklif müqabilində istənilən kluba satmağa hazırdır.


