Mbappe ehtiyat oyunçular skamyasını “Əl-Hilal”dan üstün tutdu

PSJ klubun başağrısına çevrilmiş Kilian Mbappe ilə bu yay yollarını ayırmaqda israrlı olsa da, futbolçunun da bu xüsusda öz fikri var.

Arena.az bu barədə “Relevo”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, PSJ rəhbərliyi Mbappeyə görə Səudiyyə Ərəbistanı “Əl-Hilal”ından gəlmiş 300 milyon avroluq təklifi müsbət qarşılamağa hazırdır. Həmçinin Paris klubu digər klublardan da bu qəbildən olan ixtiyari sərfəli təklifləri nəzərdən keçirməyi vəd verir. Amma Mbappe hazırda Səudiyyə Ərəbistanına yollanmaq fikrində deyil. Ulduz futbolçunun hələ, ümumiyyətlə Paris klubunu tərk etmək niyyətində olmadığı deyilir.

PSJ-nin ulduz hücumçusuna görə alacağı təkliflər nə qədər sərfəli olsa da, sövdələşmənin baş tutması üçün klub futbolçusu ilə razılaşmağa borcludur. Mbappenin Ərəbistana köçmək niyyətində olmadığı kimi, parislilər futbolçusunu istəmədiyi komanda ilə müqavilə imzalamağa məcbur edə bilməzlər. Bu arada Mbappeyə yaxın mənbələrdən ulduz futbolçunun təzyiq altında olması xəbəri gəlib. Bu mənbələrdən birinin məlumatına görə, Mbappe PSJ ilə müqaviləsinin şərtinə müvafiq olaraq, Paris komandasında son ilini oynayıb, razılaşmasını başa vurmağa qərarlıdır.

“Təzyiq oyunçunun əzmini daha da gücləndirir. O, ehitiyat oyunçular skamyada oturmalı olsa da. Amma görək nə vaxta qədər, çünki tezliklə Çempionlar Liqası başlayacaq… PSJ qalib gəlsə, deməli, hər şey qaydasındadır, bəs işlər pis gedərsə, tribunalarda bu səviyyəli oyunçu boş-bekar dayanarsa?”, deyə Mbappe bildirib.

Vurğulayaq ki, Kilian Mbappe Çempionlar Liqasını qazanmaq arzusundadır. Bu, PSJ ilə mümkün olmazsa, o halda ulduz hücumçu bu istəyini “Real”la gerçəkləşdirmək fikrindədir. Amma Səudiyyə Ərəbistanına keçəcəyi halda, şübhəsiz, bu arzusunu gerçəkləşdirmək mümkün olmayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: