Klubun marağına rəğmən, “Barselona” fransalı ulduz hücumçu Kilian Mbappenin transferi ilə bağlı PSJ ilə danışıqlar aparmır.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kataloniya nəhənginin Mbappenin transferi ilə bağlı danışıqlardan imtinasına səbəb klubun maliyyə vəziyyətidir. Hazırda İspaniya nəhəngi fransalı ulduzun eyni anda həm transfer və həm də yüksək məvacib xərclərini ödəyə biləcək büdcəyə sahib deyil.
Ancaq məsələnin pərdəarxası məqamı da var ki, müşahidəçilər Kataloniya klubunun fransalı ulduzu transfer etmək fikrindən daşınmasını məhz bu amillə izah edirlər. Məsələ bundadır ki, “Barselona” rəhbərliyi tarazlaşdırımış kollektiv qurub və Mbappe xasiyyətli futbolçunun klubda qurulmuş sistemi məhv edə biləcəyindən ehtiyatlanır.
Daha əvvəl Kataloniya təmsilçisi daxil, Avropanın bir sıra digər nəhəng klublarının fransalı futbolçunun mümkün transferi ilə bağlı PSJ ilə danışıqlar apardığı haqda məlumat yayılmışdı.
Mbappenin transferi ilə bağlı PSJ-yə konkret təklif isə Səudiyyə Ərəbistanı “Əl-Hilal”ından gəlmişdi. Ərəblər Paris klubuna 300 milyon avro ödəməyə, 24 yaşlı ulduz hücumçunun özünə isə 700 milyon avro maaşla bir illik müqavilə verməyə hazır olduqlarını bildirmişdilər. “Əl-Hilal”ın Mbappenin növbəti mövsümün sonunda klubu tərk edəcəyinə heç bir iradı olmadığı da vurğulanmışdı.


