“Barselona”nın türkəsilli alman yarımmüdafiəçisi İlkay Gündoğan 2023-cü ildə “Qızıl top”u kimin alması ilə bağlı sualı cavablandırıb.
Arena.az “Mundo Deportivo”ya istinadən Gündoğanın bu xüsusda müsahibəsini diqqətinizə çatdırır:
- Siz bir neçə cəhddən sonra Çempionlar Liqasını qazandınız və “Mançester Siti”nin kapitanı olmusunuz. Sizcə, “Qızıl top”u kim qazanmalıdır?
- Məncə, bu, Lionel Messi ilə Erlinq Haland arasında mübarizədir. Mən onların yanında heç kimi görmürəm. Hər ikisi əla mövsüm keçirdi, hər ikisi qənimətlər qazandı. Qərar vermək məndən asılı olmadığı üçün şadam, amma düşünürəm ki, “Qızıl top”u onlardan biri alacaq.
Xatırladaq ki, ötən mövsüm Messi PSJ-də çıxış edib və Fransa çempionluğunu qazanıb. Ulduzun “Qızıl top”u əldə etmək imkanlarını Argentina yığması ilə qazandığı dünya çempionluğu artırır.
Haland isə “Mançester Siti” ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb. Norveçli qolçu həm də mövsüm ərzində vurduğu 36 qolla “Qızıl buts” mükafatına yiyələnib.


