PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin təmsilçiləri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlara başlayıblar.
Arena.az bu barədə AS portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, tərəflər maliyyə məsələsi ilə yanaşı, müqavilənin müddətini də müzakirə edirlər. Ərəbistan klubu Mbappeyə iki illik müqavilə təklif edir, ulduz futbolçu isə bir illik müqavilə istəyir. Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) bütün sövdələşmə üçün ümumilikdə 700 milyon avro xərcləməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl PSJ Mbappeni klubun Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışında iştirak edəcəyi heyətdən xaric etmişdi. Mbappe həm də transferə çıxarılıb. Daha bir məlumatda PSJ rəhbərliyinin komandanı bir daha Mbappe ilə oyuna çıxarmaq istəyində olmadığı və bu haqda tədbirlər üzərində düşündüyü bildirilmişdi. Ulduz futbolçunun klubla müqaviləsini yeniləmədən daha bir il komandada qalacağı halda isə, PSJ tərəfindən Mbappenin adının növbəti mövsüm üçün Çempionlar Liqasının iştirak ərizəsinə salınmayacağı haqda məlumat yayılmışdı.


