Mbappedən əli üzülmüş “Əl-Hilal” Osimheni hədəfləyib

PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin “Əl-Hilal”a keçməkdən imtina etməsindən sonra, ərəb klubu yeni hücumçu axtarışındadır.

Arena.az jurnalist-insayder Loik Tanziyə istinadən məlumat verir ki, “Əl-Hilal” “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin xidmətində maraqlıdır.

Mənbənin məlumatına görə, klub rəhbərliyi maliyyə imkanlarına güvənərək, müvafiq transferi həyata keçirməkdə israrlıdır. Ərəblər “Napoli”nin prezidenti Aurelio De Laurentiisin Osimheni nə qədər baha qiymətləndirdiyini və ən sərfəli təklifə satmağa hazır olduğundan da xəbərdardırlar. “Napoli”nin ən azı 150 milyon avro məbləğ tələb edəcəyi də məlum amildir.

Geridə qalmış 2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “eşşəkciklər”lə A Seriyasının qalibi olmaqla yanaşı, 26 qolla turnirin ən sərrast futbolçusu olub.

Tərəflər arasında müqavilə 2025-ci ilin yayında başa çatacaq.

“Transfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: