“Barselona”nın prezidenti Joan Laporta PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a mümkün transferindən narahat olmadığını bildirib.
Arena.az bu barədə “Barsa Universal”a istinadən məlumat verir.
“Kilian Mbappenin “Real”a mümkün transferindən narahatammı? Yox. O, böyük təsir bağışlayan, kağız üzərində qeyri-adi futbolçudur.
Rəqibin hücumunda belə futbolçu oynayanda çətinlik yaranır, amma mən öz komandama arxayınam. Mənim üçün “Barsa”nın oyunçuları ən yaxşılardır”, deyə Laporta bildirib.
Xatırladaq ki, daha əvvəl PSJ Mbappeni komandanın Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışı üçün müəyyən etdiyi heyətdən xaric edərək, mətbuatın yazdığına görə transferə çıxarıb. Paris nəhənginin rəhbərliyi bu addımını ulduz futbolçunun “Real”la gizli anlaşma əldə etməsinə əmin olması ilə əsaslandırmışdı. Bu arada, vəziyyətdən istifadə etməyə çalışan Səudiyyə Ərəbistanı klubları fransalı ulduzu Parisdən qoparmağa çalışsalar da, Mbappe müvafiq təkliflərdə maraqlı olmadığını bildirib. PSJ rəhbərliyinin ulduz futbolçunun klubla müqaviləsini yeniləməyəcəyi və komandada qalacağı halda, Mbappeni qarşıda Çempionlar Liqası mövsümünün iştirak ərizəsinə daxil etməyəcəyi haqda məlumat yayılıb. Həmçinin PSJ rəhbərliyinin komandanın bir daha Mbappe ilə meydana çıxmamasına nail olmaq üçün tədbir üzərində düşündüyü deyilir.


