“Real” yaxın iki həftə ərzində PSJ-dən Kilian Mbappenin transferi ilə bağlı məsələni məntiqi sonluğuna çatdırmaq istəyir.
Arena.az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubu “Mbappe işi”ni La Liqanın yeni mövsümü başlamazdan əvvəl həll etmək istəyir.
İspaniya nəhəngi hələ də ya futbolçunun, ya da PSJ rəhbərliyinin müvafiq sövdələşməni tamamlamaq üçün ilk addımları atmasının intizarındadır.
“Kral klubu”nun rəhbərliyi bütün əlavə ödənişləri nəzərə alaraq, transfer xərclərinin 200 milyon avronu aşacağını anlayır və buna rəğmən, futbolçuya 6 illik müqavilə təklif etməyə də hazırdır. Onlar Mbappe ilə razılaşmanın bu yay Cud Bellingemlə bağladıqları müqaviləyə uyğun olmasını istəyirlər. İngilis yarımmüdafiəçi 103 milyon avro məvacib alır və müxtəlif şərtlərdən asılı olaraq bu məbləğin əlavə 30%-ni qazana bilər.
Ümumilikdə, “Real” Mbappe məsələsində bütün məqamların icrasına hazırdır, klubun yeganə gözləntisi PSJ rəhbərliyinin bu işdə danışıqlara hazır olduğunu nümayiş etdirməsidir. Kilian parislilərlə yeni müqavilə imzalamaqdan imtina edib. Gələn ilin yayında başa çatacaq müqaviləsi Mbappeni azad agentə çevirəcək.
Daha öncə “Real” rəhbərliyi 2024-cü ilə qədər gözləməyə hazır olduğunu bildirmişdi. Amma indi İngiltərə klublarının Mbappe uğrunda mübarizəyə girişməsi, xüsusilə “Liverpul”un konkret təkliflə PSJ-yə müraciəti madridliləri məsələyə yenidən baxmağa vadar edib. Belə olan halda PSJ də üstünlük qazanır, Paris nəhəngi futbolçunun transfer xərclərini artıra bilər. Eyni zamanda Mbappenin də özünə olan ödənişlərdə madridlilərə daha baha qiymət oxuya biləcəyi istisna edilmir.
Madriddə Mbappenin Cud Bellingem və Vinisius Juniorla birlikdə komandanın liderlərindən birinə çevriləcəyini gözləyirlər. Kərim Benzemanın Səudiyyə Ərəbistanına köçündən sonra madridlilərin baş məşqçisi Karlo Ançelottinin sərəncamında yalnız bir ixtisaslaşmış mərkəz hücumçusu Xoselu var. Klub 33 yaşlı veteranı bu yay “Espanyol”dan bir mövsümlük icarələyib. Ançelotti hazırda nominal hücumçularla oynamağa məcburdur və ya ümumiyyətlə mərkəz hücumçusu olmadan oynamaq taxtikasını sınayır. İtalyan mütəxəssisin müvafiq taktikası ötən gecə ABŞ turu çərçivəsində “Barselona”ya qarşı oyunda bəhrə verməyib, kataloniyalılar əzəli rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıblar.
Xatırladaq ki, “Real” avqustun 12-də İspaniya çempionatının 1-ci turu çərçivəsində səfərdə “Atletik”lə qarşılaşacaq.


