İngiltərənin “Çelsi” klubu da PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappeni heyətinə qatmaq üçün mübarizəyə girişib.
Arena.az bu barədə “Daily Record”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “zadəganlar” 24 yaşlı fransalı ulduz hücumçunun müqabilində PSJ-yə öz futbolçularından birini və üstəlik pul təzminatını təklif etməyə hazırdırlar.
“Çelsi”nin sahibi Todd Boulinin artıq PSJ-nin prezidenti Nasser Əl-Xelaifi ilə danışıqlar apardığı və çox güman ki, sövdələşməni həyata keçirmək üçün məqbul razılıq əldə etdiyi vurğulanır.
PSJ Mbappeni 2024-cü ilin yayında azad agent qismində havayı itirməmək üçün ulduz hücumçunu indidən satıb xeyrini götürməkdə maraqlıdır. Hazırda fransalı ulduzun transferinə ən gerçək namizəd olan “Real”ın bu sövdələşməni cari yay transfer pəncərəsində həyata keçirəcəyi gözlənilir. Belə ki, “Liverpul”un Mbappeni icarəyə götürmək haqda konkret təklifinin ardından, “Çelsi”nin də iddiası, İspaniya nəhənginin dərhal hərəkətə keçməsinə əsas olaraq göstərilir. Belə vəziyyət PSJ-nin də xeyrinədir, Paris klubu ulduz hücumçusunun transferi ilə bağlı məbləği artıra bilər. Eyni zamanda Mbappe də öz xidməti müqabilində daha böyük xərclər tələb edə bilər.
Həmçinin Mbappenin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək fikrində olmamasına rəğmən, burada da öz növbəsini ümidlə gözləyən ərəb klubu var.
Xatırladaq ki, Mbapenin ətrafında yaranmış qeyri-müəyyən vəziyyət PSJ-də qeyri-sağlam ab-hava yaradır. Klub rəhbərliyi yaranmış vəziyyətdə yalnız klubun mənafenin üstün tutmaqda maraqlıdır. PSJ ulduz futbolçusunu komandanın Yaponiyada keçirdiyi təlim-məçq toplanışına yollanmış heyətdən xaric edərək, mətbuatın yazdığına görə satışa çıxarıb.


