KL: “Sabah”, “Neftçi” və “Qəbələ” həlledici sınağına çıxır

“Sabah”, “Neftçi” və “Qəbələ” bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən biri cavab matçını səfərdə, ikisi isə doğma meydanda keçirəcək.

Əvvəlcə tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış “Sabah” meydana çıxacaq. Murad Musayevin çalışdırdığı komanda Latviya təmsilçisi RFS-lə üz-üzə gələcək. Səfərdə baş tutan ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Bu üzdən “bayquşlar”a mərhələ adlamaq üçün hətta heç-heçə də bəs edir. Amma komandamız doğma meydanda baş tutacaq ilk avrokubok matçından qələbə ayrılmağı hədəfləyib.

Qeyd edək ki, bu cütün qalibi Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

“Qəbələ” və “Neftçi”nin oyunları isə saat 21:00-da başlayacaq. “Qırmızı-qaralar” doğma meydanda 2:3 hesabıyla uduzduğu Kipr “Omoniya”sı ilə bu dəfə səfərdə üz-üzə gələcək. Komandamız mərhələ adlamaq üçün mütləq inamlı qələbəyə sevinməlidir.

“Qəbələ” “Omoniya”nı keçə bilsə, 3-cü raundda “Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

“Neftçi” isə Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçəyə razılaşdığı “Jelezniçar”la bu dəfə Bakıda qarşılaşacaq. “Ağ-qaralar”a da mərhələ adlamaq üçün mütləq qələbə qazanmaq lazımdır.

Paytaxt təmsilçisi “Jelezniçar”ı mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
3 avqust

20:00. “Sabah” – RFS
Baş hakim: Fedayi San (İsveçrə).
Masazır. “Bank Respublika Arena.”
İlk oyun – 2:0.

21:00. “Neftçi” – “Jelezniçar”
Baş hakim: Balaş Berke (Macarıstan).
Bakı. 8-ci km stadionu.
İlk oyun – 2:2.

21:00. “Omoniya” – “Qəbələ”
Baş hakim: Adam Ladebak (İsveç).
Nikosiya. GSP stadionu.
İlk oyun – 2:3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: