Fransa nəhəngi PSJ komandanın fransalı ulduz hücumçusu Kilian Mbappeni klubda saxlamaq cəhdlərini davam etdirir.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Paris klubunun rəhbərliyi Mbappeyə 2024-cü ilin yayında zəmanətli satış bəndinin də yer aldığı, qarşıdakı mövsümün sonuna qədər yeni müqavilə imzalamağı təklif edib. Amma ulduz futbolçu bundan imtina edib.
PSJ Mbappenin karyerasını yalnız “Real”da davam etdirmək istədiyinə əmindir. Bununla yanaşı, parislilər udluz futbolçusunun “Kral klubu” ilə gizli razılaşmaya gəldiyinə əmin olduqlarını iddia edirlər. Məhz bu səbəbdən daha əvvəl Mbappenin PSJ ilə müqaviləsini yeniləməkdən imtina etdiyini bildiriblər.
Müvafiq hala cavab olaraq PSJ rəhbərliyi Mbappeni komandanın Yaponiyadakı təlim-məşq toplanışından xaric edib.
Xatırladaq ki, dünən ulduz futbolçunun yaxın saatlarda “Real”la mütləq müqavilə imzalayacağı haqda xəbərlər mətbuat səhifələrini zəbt etmişdi.


