“Qəbələ”nin 18-ci startı, “Sabah”la 24-cü dueli

“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk turunda səfərdə “Sabah”la qarşılaşacaq.

Arena.az xəbər verir ki, Bakıda keçiriləcək görüş iki komanda arasında 24-cü matç olacaq.

Buna qədər rəqiblər ümumilikdə 23 dəfə görüşüblər. Əvvəlki oyunlarda “Qəbələ” 9 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 11 dəfə uduzub. Rəqib qapısına 26 qol vuran “Qəbələ” futbolçuları 33 top buraxıblar. Bu komandanın heyətində Ülvi İsgəndərov daha çox – 4 dəfə fərqlənib. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel hərəyə 3 qol vurublar.

İndiyə qədər keçirilən 23 matçdan 19-u çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 11 qarşılaşmadan xalsız ayrılıb. Top fərqində də “Sabah” öndədir – 31:18.

“Qəbələ” səfərdəki 12 görüşdə 5 dəfə qaib gəlib. Digər 7 matçda meydan sahibləri qələbə qazanıblar. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 18:13.

“Qəbələ”nin 18-ci startı

“Qəbələ” 32-ci ölkə çempionatında 18-ci mövsümünə start verəcək. Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” indiyə qədər 17 çempionatda qüvvəsini sınayıb. “Qəbələ” bu müddətdə 5 dəfə mükafatçılar sırasında yer alıb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Komanda ötən mövsümü ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə 4-cü pillədə başa vurub. “Qəbələ” 2019/20 və 2022/23 mövsümlərində də “dördlük”də qərarlaşıb.

Əvvəlki 17 mövsümdə komanda 504 matça çıxıb. Bu görüşlərdə 196 qələbə qazanan “Qəbələ” 138 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 170 dəfə məğlubiyyətlə üzləşib. 613 qol vuran komanda 569 top buraxıb.

Əyalət təmsilçisi evdə və səfərdə eyni sayda – 252 oyun keçirib. Öz meydanında 110 qələbəsi olan “qırmızı-qaralar” 74 dəfə heç-heçə edib. 68 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 325 top keçirib və 239-nu buraxıb.

Səfərdə 86 dəfə üç xal əldə edən Qəbələnin eyniadlı təmsilçisi rəqib meydanlarında 64 sülhə imza atıb. 102 dəfə səfərdən xalsız dönən komanda 288 qol vurub, 330-nu buraxıb.

17 mövsümdə “Qəbələ”nin formasını 254 futbolçu geyinib. Onlardan səkkizi 100 matç səddini arxada qoyub: Ürfan Abbasov – 217, Asif Məmmədov – 182, Dodo – 131, Dmitri Bezotosnı – 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Cavid Hüseynov – 107, Rövlan Muradov – 100.

“Qəbələ”nin qollarına 124 futbolçu imza atıb. 16 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandanın Premyer Liqadakı bombardiri Viktor Mendi 29, Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. İsnik Alimi 17, Ülvi İsgəndərov, Yannik Kamanan və Filip Ozobiç hərəyə 16, Cavid Hüseynov, Rafael Utziq, Deon Barton, Daniel Subotiç və Stiven Monroz hərəyə 15 dəfə fərqlənib.

“Qırmızı-qaralar”a Premyer Liqadakı 17 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, Elmar Baxşıyev 109, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub.

Xatırladaq ki, bu gün Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” oyununa saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: