PSJ Mbappeni “çardağ”a göndərdi – əsas heyətlə məşq etməyəcək

Fransa çempionu PSJ təlim-məşq toplanışı çərçivəsində yollandığı Asiya turundan klubun bazasına qayıdıb və məşqçlərə başlayacaq.

Arena.az “Marca”ya istinadən məlumat verir ki, klubun fransalı ulduz hücumçusu Kilian Mbappe əsas komanda ilə bir araya gələ bilməyəcək.

Luis Enrikenin məşqçilər qərargahının çalışdırdığı komandanın əsas heyəti məşqlərini klubun təqviminə uyğun davam etdirəcək. Mbappe isə PSJ-nin transferə çıxardığı futbolçularla çalışmağa davam edəcək.

Mbappe ayrıca qrafikə riayət etmək məcburiyyətindədir. Ulduz futbolçuya avqustun 7-də, bazar ertəsi Paris vaxtı ilə saat 10:00-da transferə çıxarılan oyunçuların cəm olduğu “çardaq” adlanan yerin oyunçuları ilə məşqə çıxmaq təyin edilib. Əsas komandanın kollektivi isə saat 17:00-da məşqə çıxacaq.

Xatırladaq ki, PSJ Asiya turu çərçivəsində Yaponiya və Koreya Respublikasına səfər edib. Fransa nəhəngi hazırlıq çərçivəsində dörd yoldaşlıq oyununda gücünü sınayıb: iki dəfə məğlub olub, bir dəfə heç-heçə edib, bir dəfə isə qələbə qazanıb.

Xatırladaq ki, Kilian Mbappe PSJ-nin Asiya turunda iştirak etməyib. Paris klubunun rəhbərliyi ulduz futbolçusunun “Real”la gizli razılığa gəldiyi əminliyini əsas tutaraq, Mbappeni Asiya turundan xaric edib və mətbuatın yazdığına görə, satışa çıxarıb.

Eyni zamanda, Luis Enrike dəfələrlə Mbappeyə arxalandığını açıqlayıb və onu müqaviləni uzatmağa razı salmağa çalışsa da, ispan mütəxəssis yenə də klub rəhbərliyinin verdiyi qərarlara əməl etməyə məcburdur. Mbappe isə yerindən “dəbərmir”.

Göründüyü kimi, Mbappe Fransa çempionatının 1-ci turunun şənbə günü, avqustun 12-də PSJ-nin “Loryan”la keçiriləcək oyun üçün iştirak ərizəsindən kənarda qalacaq.

Bu vəziyyətin sentyabrın 1-dək davam edə biləcəyi vurğulanır. Mbappe bu tarixə qədər klubdan ayrılmasa, PSJ futbolçunu məşqlərə buraxmalı olacaq, əks halda ulduz futbolçu klubla müqaviləsinə birtərəfli qaydada xitam verə biləcək.

Mbappenin klubla müqaviləsini yeniləməyəcəyi halda, UEFA Çempionlar Liqasının iştirak ərizəsinə də salınmayacağı bildirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: