Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin bütün formaları klubun rəsmi fan-şopundan yoxa çıxıb.
Arena.az bu barədə “El Golazo de Gol”a istinadən məlumat verir.
Həmçinin ulduz futbolçunun şəkli “Park de Prens” stadionundan yığışdırılıb.
Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Hücumçunun Paris klubu ilə müqaviləsini daha bir mövsüm yeniləmək istəyində olmadığı və müqavilə müddətinin sonunda klubu tərk etmək istədiyi vurğulanır.
PSJ rəhbərliyi klubla müqaviləsini daha bir mövsüm yeniləməyi vəd vermiş Mbappenin bu davaranışından narazı qalıb. Ulduz hücumçu əvvəlcə klubun Asiya turundan xaric edilib. Daha sonra isə Mbappeyə komandanın əsas heyəti ilə məşqlərə çıxmaq qadağan edilib.
Mbappe müqaviləsini yeniləmədən PSJ-də qalmağa qərar verərsə, klubun onun adını qarşıdakı mövsüm Çempionlar Liqasının iştirak ərizəsinə salmayacağı da bildirilir.
Xatırladaq ki, Mbappe “Real”a keçmək arzusundadır. Yaranmış vəziyyətdə “kral klubu” gözləmə mövqeyi tutur.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda qoşulub. Klubda oynadığı bütün müddət ərzində ulduz hücumçu parislilərin heyətində 260 oyuna çıxıb, 212 qol vurub, 98 məhsuldar ötürmə verib. Mbappe PSJ ilə birlikdə 5 dəfə Fransa çempionu olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


