İspaniyanın “Barselona” və İngiltərənin “Tottenhem” klubları ötən gecə ənənəvi “Qamper Kuboku”nda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, 58-ci dəfə təşkil olunmuş və bir oyundan ibarət kubok qarşılaşması Barselonadakı “Olimpiko” stadionunda baş tutub.
Kataloniyalılar Premyer Liqa təmsilçisini 4:2 hesabı ilə məğlub ediblər və ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazanıblar. Meydan sahiblərinin heyətində Robert Levandovski (3-cü dəqiqə), Ferran Torres (81), Ansu Fati (90) və Abde Ezzalzoli (90+3) fərqləniblər. Londonluların heyətində isə Olivye Skipp dubla (24, 36) imza atıb.
Xatırladaq ki, “Barselona” klubunun yaradıcısı Joan Qamperin xatirəsinə həsr olunmuş bu turnir 1966-cı ildən keçirilir. Kataloniya təmsilçisi hər il fərqli klublar dəvət etməklə onlarla xatirə matçı keçirir. Ümumilikdə 58-ci dəfə təşkil olunan yarışın 46-da “Barselona” kuboku muzeyinə aparıb. Sonuncu İspaniya çempionu ardıcıl 11-ci dəfə bu titula sahib çıxıb. “Barselona” “Qamper Kuboku”nda sonuncu dəfə 2012-ci ildə İtaliya klubu “Sampdoriya” ilə görüşdə məğlub olub.


