PSJ-nin fransalı hücumçusu Kilian Mbappe avqustun 12-də “Park de Prens”də “Loryan”a qarşı Liqa 1-in 1-ci tur oyununda oynamayacaq.
Arena.az bu barədə ESPN-ə istinadən məlumat verir.
PSJ ilə müqavilə mübahisələri səbəbindən hücumçu komandanın yeni baş məşqçisi Luis Enrikenin çalışdırdığı əsas heyətlə məşqlərdən kənarlaşdırılıb. Ulduz futbolçuya klubun transferə çıxardığı oyunçuların yer aldığı, “çardaq” adlanan məkanda müəyyən edilmiş vaxtda məşqlər təyin edilib. PSJ-nin cəza tədbiri olaraq, rəhbərlik Mbappeni avqust ayında komandanın hər oyununu buraxmağa məcbur edə bilər. “Loryan”la mövsümün ilk oyunundan sonra parisliləri avqust ayında Fransa çempionatında “Tuluza” və “Lans”la oyunlar gözləyir. Mbappenin bu oyunlarda da iştirak etməyəcəyi istisna edilmir.
Vurğulanır ki, PSJ-dəki bəzi məsul şəxlər Mbappenin klubla müqaviləsini yeniləməyəcəyi halda, futbolçunu bütün mövsüm üçün əsas komandadan xaric etməyə hazırdırlar. Rəhbərlik klubdakı nizam-intizamı, komanda daxilində sağlam ab-havanı qorumaqda maraqlıdır.
Mbappenin parislilərlə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kilian Mbappe yalnız “Real”a keçməyi düşünür
Daha əvvəl Mbappe PSJ rəhbərliyinə komandadan müqaviləsinin sonunda azad agent qismində ayrılmaq niyyətində olduğunu bildirmişdi. Ancaq bu məqam ulduz futbolçunun buna qədər olan vədləri və davranışı ilə ziddiyyət təşkil edir. Belə ki, Mbappe klubla müqaviləsini 2025-ci ilə qədər uzadacağını bildirmiş və “Park de Prens”də bu münasibətlə keçirilmiş tədbirdə üzərində “2025” yazılı fiorma ilə klub prezidenti Nasser Əl-Xelaifinin yanında şəkil də çəkdirmişdi. Ancaq hazırkı yolverilməz davranışı müqabilində PSJ rəhbərliyi Mbappeni komandanın Asiya turundan xaric edərək, bu addımını da ulduz futbolçunun “Real”la gizli anlaşma əldə etməsi ilə əsaslandırmışdı. Belə davam edəcəyi halda, PSJ ulduz futbolçusunu qarşıdakı mövsümdə Çempionlar Liqasının iştirak ərizəsinə də daxil etməyəcəyini açıqlayıb.
PSJ prezidenti Nasser Əl-Xelaifi Mbappedən ya 2024-cü ilin iyunundan sonra yeni müqaviləyə razılıq verməsini, ya da bu yay klubdan ayrılmasını tələb edib. Mövsümün başlanması ərəfəsində Mbappenin davranışı klubdaxili sağlam ab-havaya mənfi təsir edir.
Hazırda Mbappenin transferində ən gerçək tərəf olan “Real” məsələdə fürsətcil gözləmə mövqeyi tutub. “Kral klubu” Mbappenin PSJ-ni tərk etmək istəyini ictimai surətdə bəyan etməsini ulduz futbolçunun qarşısında şərt qoyub və yalnız bundan sonra rəsmi təkliflə PSJ-yə müraciət edəcəyini bildirib. Eyni zamanda, Mbappeni transfer etmək üçün yalnız Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu rəsmi təklif irəli sürüb, ərəblər növbəti mövsümdə fransalı ulduzun “Real”a keçməsinə də razıdırlar. Amma Mbappenin özü Ərəbistana yollanmaq marağında deyil, ulduz hücumçu yalnız “Real”a keçməyi düşünür.


